IQNA

Əhli-beyt (ə) əsirlərinin Ərbəin günü Kərbəlaya gəlişi və fərqli fikirlər-1

14:40 - October 03, 2020
Xəbər sayı: 3488257
Digər tərəfdən bilirik ki, Cabir “Ərbəin” günü İmam Hüseynin (ə) ziyarətinə gəlmişdi və onların bir-birilə görüşü həmin günü baş vermişdi. (“Misbahul-mutəhəccid”, Şeyx Tusi, səh.548.)

“Ərbəin”də əsirlər karvanının Şamdan çıxıb Kərbəlaya gəlməsi barədə fikir ayrılığı var. Seyid ibn Tavus öz kitabında yazır: “İmam Hüseynin (ə) əhli-beyti Şamdan Mədinəyə yola salındıqdan sonra onlar (Mədinə və) İraq arasındakı iki yolayrıcına çatdıqda sarbana dedilər: “Bizi Kərbəlaya apar!” Karvandakılar Kərbəlaya çatdıqda, İmam Hüseyni (ə) ziyarət üçün Kərbəlaya gəlmiş Cabir ibn Abdullah Ənsarini, Bəni-Haşimdən olan bir dəstəni və Peyğəmbər (s) ailəsinin digər üzvlərini orada gördülər. Bu iki dəstə bir gündə qarşılaşdılar. Onlar göz yaşları ilə bir-biri ilə görüşüb, qəm-qüssə, matəm məclisi qurdular. Kərbəla qonşuluğundakı kənd sakinləri də onlara qoşuldular və orada bir neçə günlük matəm məclisi təşkil olundu.” (“Məlhuf” (Lühuf), səh.225.)

Digər tərəfdən bilirik ki, Cabir “Ərbəin” günü İmam Hüseynin (ə) ziyarətinə gəlmişdi və onların bir-birilə görüşü həmin günü baş vermişdi. (“Misbahul-mutəhəccid”, Şeyx Tusi, səh.548.)

Nəticə etibarı ilə Əhli-beyt (ə) də Ərbəin günü Kərbəlaya gəlmişdi. Amma Əhli-beytin (ə) Ərbəin günü Kərbəlaya gəlməsinə iki cəhətdən şübhə ilə yanaşılmışdır. Birincisi, tarixi aspektdən bu zəmində bir-birinə zidd nəzərlər səsləndirilmişdir. İkincisi, məsafə baxımından belə bir şübhə yaranmışdır. Burada hər iki aspektdən mövzunu araşdıracağıq. İlk olaraq bu zəmində qeyd edilən nəzərlərə nəzər salaq:

Birinci nəzərə əsasən, Əhli-beyt əsirləri 61-ci hicri-qəməri ilinin Səfər ayının 20-də Kərbəlaya gəlir ki, bu da Seyid ibn Tavusun “Lühuf” kitabındakı nəzəridir. İbn Nəma da buna etiqadlıdır. (“Məsirul-əhzan”, səh.107.)

Şeyx Bəhai də İmam Hüseynin (ə) qırxıncı günü Əhli-beytin (ə) Kərbəlaya gəldiyinə və Cabir ibn Abdullah Ənsari ilə görüşdüyünə etiqadlıdır. (“Tozihul-məqasid”, səh.6.)

“Nəfəsul-məhmum” “Tarixi-Həbibus-Seyr” kitabına istinadən yazır: “Yezid şəhidlərin başlarını İmam Zeynəlabidinə (ə) təslim etdi. O Həzrət Səfər ayının 20-i başları bədənlərinə qovuşdurdu və Mədinəyə qayıtdı. (“Nəfəsul-məhmum”, səh.269.)

Müqərrəmin “Məqtəlul-Huseyn” kitabında bu söz Əbu Reyhan Birunidən (“Asarul-baqiyə” əsərindən) nəql olunmuşdur. (“Məqtəlul-Huseyn”, Müqərrəm, səh.363.)

Bu nəzərə əsasən, Ərbəin günü Əhli-beytin (ə) də İmam Səccadla (ə) birgə Kərbəlaya gəldiyini iddia etmək olar və bununla Seyid ibn Tavusun sözü güclənir.

İkinci nəzər Şeyx Müfiddəndir. O yazır: “Səfərin 20-i İmam Hüseyn (ə) ailəsinin Şamdan Mədinəyə gəldiyi gündür. Eləcə də, həmin gün Cabir ibn Abdullah Ənsari Kərbəlaya, İmam Hüseynin (ə) qəbrinin ziyarətinə gəldi. O, İmam Hüseynin (ə) qəbrini ziyarət edən ilk şəxs idi. (“Məsarruş-şiə”, Şeyx Müfid, səh.46.)

Şeyx Tusi “Misbahul-mütəhəccid” kitabında aşkar şəkildə belə qeyd edir: Səfər ayının 20-i İmam Hüseyn (ə) ailəsinin Şamdan Mədinəyə daxil olduğu gündür. (“Misbahul-mutəhəccid”, Şeyx Tusi, səh.548.)

Üçüncü nəzər Seyid ibn Tavusun “İqbal” kitabında qeyd etdiyi nəzərdir. O, bu kitabda İmam Hüseynin (ə) ailəsinin Ərbəin günü həm Kərbəlaya, həm də Mədinəyə gəlmələrini həqiqətdən uzaq hesab edir. O yazir: “Əsirlər karvanı Kufəyə daxil olduqdan sonra Übeydullah ibn Ziyad onlarla necə davranacağı ilə əlaqədar Yezidə məktub yazır. Yezid isə cavabında əsirləri Şama göndərməsini əmr edir. Bu gediş-gəliş və oradan yola düşüb Şama çatmaq iyirmi gün və ya daha artıq çəkir. Digər tərəfdən, əsirlər Şama çatdıqdan etibarən orada bir ay müddətində, isti və soyuqdan daldalanacağı olmayan xarabada qalmalı olurlar. Deməli, təbii proseslər onların İmam Hüseyn (ə) şəhadətindən qırx gündən də artıq keçmiş bir vaxtda İraqa və ya Mədinəyə gəldiyinə dəlalət edir.  (“İqbal”, Seyid ibn Tavus, c.3, səh. 100-101.)

Əllamə Məclisi də bu ikisinin həqiqətə uymadığını deyir. (“Zadul-məad”, səh.402.)

Əslində Seyid ibn Tavus “Lühuf”dan sonra yazdığı “İqbal” kitabında öz ilkin nəzərini qəbul etmir. Hərçənd ki, yazır: Onların Kərbəlaya getməsi mümkündür, amma Səfər ayının 20-nə təsadüf etmir. (“İqbal”, Seyid ibn Tavus, səh.101.)

Dördüncü və beşinci nəzər Kufədən Şama gedərkən ilk öncə Kərbəlaya gəldiklərini, yaxud da Şamdan Mədinəyə qayıtdıqdan sonra, ayrı bir zamanda Kərbəlaya gəldiklərini deyir. (Dördüncü nəzəri “Nasixut-təvarix”, c.3, səh.176-da seçmişdir. Mərhum Şərani də “Nəfəsul-məhmum”un tərcüməsində (səh.270) bu nəzəri üstün tutmuşdur.)

Bu iki nəzəri Şeyx Abbas Qummi özünün “Müntəhal-amal” kitabında bəzilərinə nisbət vermiş, lakin tutarlı olmadığını da qeyd etmişdir. Ona görə ki, bu versiyalar heç bir mənbədə nəql olunmamışdır.

Altıncı nəzərə əsasən, İmam Hüseyn (ə) ailəsi 62-ci hicri-qəməri ilində, yəni bir il sonra Səfər ayının 20-də Kərbəlaya gəlmişdir. Bunu Fərhad Mirzə “Qəmqam Zəxxar” kitabında qeyd etmişdir. (“Qəmqam Zəxxar”, səh.586.)

Qeyd edilənlərə əsasən, Seyid ibn Tavus “Lühuf”, İbn Nəma “Musirul-əhzan” və Şeyx Bəhai “Tozihul-məqasid” kitablarında Əhli-beytin (ə) ilk Ərbəin günündə (61-ci h.q. ilinin Ərbəinində) Kərbəlaya gəldiyinə inanır və əsirlər karvanı Şamdan qayıdarkən sarbandan onları Kərbəlaya aparmasını istədiklərini deyirlər. Bununla yanaşı, bəzi tarixçilər və nəzər sahibləri bu nəzəri dəstəkləməmiş və fərqli nəzərlər irəli sürmüşlər. Bu fərqli nəzərlər isə qəti qərar qəbul etməkdə tərəddüd yaratmışdır. (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.625-627.)

Maide.az – Maarif bölümü

 

captcha